"Azərbaycan qədim tarixə malikdir".

Open.az xəbər verir ki, bu fikirləri UNESKO baş katibinin xüsusi müşaviri Munir Buşenaki "Report"un Fransa bürosuna bildirib.

O, qeyd edib ki, Azərbaycana tarixi irslərin qorunmasında dəstək verib: "Azərbaycanda Qobustan, Şirvanşahlar sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Atəşgah kimi UNESKO-nun Ümumdünya irsi siyahısına düşmüş tarixi abidələr var. Azərbaycanın muğam kimi qeyri-maddi mədəni irs siyahısında yer almış xəzinə var. Azərbaycan qədim tarixə malikdir və bu irs onun ayrılmaz hissəsidir. Bu qədim tarixi bilmədən nə bugünkü günümüzü, nə də gələcəyimizi qura bilərik. Mənim amalım belə irsləri qorumağa, yaşatmağa yardım etməkdir.

UNESKO-nun irs siyahısına düşmək elə də asan başa gəlmir. Bunun üçün ekspertlər göndərilir, çox böyük əmək sərf olunur. Lakin biz buna nail olmuşuq. Mən bu işdə hər zaman Azərbaycana dəstək olmuşam ".

Munir Buşenaki Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın köməyini heç zaman unutmayacağını bildirib. "Afrikada həyata keçirdiyimiz layihə üçün büdcəmizdə kifayət qədər pul yox idi. Bu zaman Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri təyin edildi. Mən onun yanına gedərək problemi danışdım. Mehriban Əliyeva başladığımız layihəni bitirməyimiz üçün bizə köməklik etdi. Azərbaycanın Birinci vitse-prezidentinə bu yaxşılığına görə hər zaman minnətdaram", - deyə o bildirib.