BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) avqustun 4-də Livanın paytaxtında baş vermiş partlayış nəticəsində dağılmış məktəb binalarını bərpa edəcəyini bəyan edib.

Open.az xəbər verir ki, təşkilatın bəyanatında dəhşətli partlayış nəticəsində Beyrutda 70 dövlət və 50 özəl təhsil müəssisənin tamamilə dağıldığı qeyd olunur. UNESCO bildirib ki, yeni təhsil ilində 50 mindən çox livanlı uşaq təhsilsiz qala bilər.

Təşkilatın ərəb ölkələrində Regional Bürosunun direktoru Haməd Əl Həmami Livanın Təhsil naziri Tarik Məczub ilə keçirdiyi görüşdə məktəblərin bərpası sahəsində görüləcək işləri müzakirə edib. O bildirib ki, UNESCO özünün tərəfdaşları ilə qısa bir müddətdə təhsil müəssisələrinin tikintisinə maliyyə vəsaitinin ayrılmasını təmin edəcək. “İlk növbədə, ibtidai və orta məktəblərin tikintisi həyata keçirilməlidir. Bizim bu fəaliyyətimiz BMT-nin Dayanıqlı İnkişaf Strategiyasında nəzərdə tutulan inklüziv təhsilin təmin edilməsi, həmçinin böhran şəraitlərində fasiləsiz təhsil proqramı çərçivəsində reallaşdırılacaq”, - deyə UNESCO-nun büro rəhbəri vurğulayıb. (AzərTac)