Türkiyənin Kırıkkale şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Fedai Baran adlı şəxs kafedə 4 il öncə ayrıldığı həyat yoldaşı Emine Bulutun boğazını 10 yaşlı qızının gözləri önündə kəsib.

43 yaşlı Emine Bulutu hadisə yerində qanlar içərisində buraxan Fedai qaçıb. Hadisə yerinə gələn təcili tibbi yardım E.Bulutu xəstəxanaya yerləşdirib.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Cütlüyün 10 yaşlı qızı hadisənin təsirindən şoka düşüb.

Cinayətlə bağlı istintaq başladılıb. F.Baran polislər tərəfindən saxlanılıb. O, məhkəmədə verdiyi ifadədə "Uşağımın qəyyumluğu barədə danışanda məni təhqir etdi. Mən də əsəbləşib, onu boğazından bir neçə dəfə bıçaqladım" deyib. Cani həbs edilərək, həbsxanaya göndərilib.

E.Bulutun hadisə yerində çəkilmiş görüntüləri ortaya çıxıb. Keçmiş əri tərəfindən bıçaqlandıqdan sonra çəkilən görüntüdə qanlar içində qalan E.Bulutun "Ölmək istəmirəm" deyərək, fəryad etdiyi görüntülənib. Qızı isə "Ana, yalvarıram ölmə" deyərək anasının başını tutub və ağlayıb.

Sözügedən cinayət hadisəsi Türkiyənin gündəminə çevrilib. Məşhurlar sosial şəbəkədə cinayət barədə sərt reaksiya veriblər.

Gülnar Qafarlı