ABŞ prezidenti Donald Tramp İnqilabın 40-cı ildönümünü qeyd edən İran hakimiyyətini təhdid edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" hesabında açıqlama yayıb.

"40 illik korrupsiya, təzyiq və terror... İrandakı rejim yalnız 40 illik bir uğursuzluq istehsal etdi. İran xalqı daha parlaq gələcəyi haqq edir", - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton da "Twitter" hesabından paylaşılan videoda İran rəhbərliyini açıq-aşkar təhdid edib: "İran dünyanın hər yerindəki insanların gözünü qorxutmaq üçün hələ də nüvə silahları əldə etmək həvəsindədir. Ən pisi İran xalqı ciddi əziyyət çəkir, işsizlik səviyyəsi rekord səviyyədə, inflyasiya bütün zamanların ən üst səviyyəsində və İranın yerli pulu yerlərdə sürünür. Bundan sonra qeyd edəcək çoxlu ildönümünüzün qaldığını güman etmirəm".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran ilə 2015-ci ildə imzalanan nüvə müqaviləsindən 2018-ci ildə ölkəsini geri çəkmiş və İrana yönəlik çoxsaylı iqtisadi sanksiya qərarı vermişdi.

Gülnar Qafarlı