İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyəcəyini və onunla danışıqlar aparmayacağını söyləyib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Xamenei bu barədə Yaponiyanın baş naziri Abe Şinzo ilə görüşü zamanı məlumat verib.

Görüşün əvvəlində S.Abe Ə.Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib.

İranın ali lideri isə "Niyyətinizin yaxşı olduğu barədə heç bir tərəddüdümüz yoxdur. Lakin Trampa cavab verməyəcəm. ABŞ prezidentini hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyə vurğulayıb.

Daha sonra Xamnenei sözlərini belə davam etdirib: "ABŞ-la problemimiz rejim dəyişikliyi deyil. Çünki belə niyyətləri varsa, bunu etmək gücünə sahib deyillər. ABŞ-ın keçmiş prezidentləri də son 40 ildə İran İslam Respublikasını məhv etməyə çalışdılar, amma bacara bilmədilər".

Gülnar Qafarlı