Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə ABŞ-ın “Mattel” oyuncaq şirkəti arasında imzalanan razılaşmaya əsasən, “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunun oyuncaqların ilk partiyası satışa çıxarılıb.

Open.az BOK-un saytına istinadla xəbər verir ki, şirkətin kolleksiyasında “Barbi”, “Hot Wheels və UNO” markasından olan nadir məhsullar üstünlük təşkil edir.

“Mattel” şirkəti BOK və “Tokio-2020” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində məhsul istehsalına başlayıb. Satışa çıxarılan “Barbi” gəlincikləri Olimpiya proqramına daxil edilən beş yeni idman növünü - beysbol (softbol), idman dırmanması, karate, skeytbord və sörfinqi təcəssüm etdirir.

“Hot Wheels” avtomobillərinin təkərlərində yüngül atletika, gimnastika, üzgüçülük, basketbol və çimərlik voleybolu, eləcə də Olimpiya Oyunlarının proqramına yeni daxil edilən beş idman növünün adları qeyd olunub.

UNO kartları isə “Tokio-2020” Olimpiya Oyunlarının rəmzlərinə uyğun xüsusi dizaynı ilə diqqət çəkir.

BOK-un televiziya və marketinq xidmətləri üzrə icraçı direktoru Timo Lumme və “Mattel” şirkətinin təmsilçisi Canet Hsu tərəflər arasındakı əməkdaşlığı yüksək qiymətləndirirək, bu hadisənin idman və Olimpiya hərəkatına töhfə verəcəyini qeyd ediblər.