Rusiyanın Tqansk rayon məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev haqda həbs qərarı verib.

Open.az-ın “TASS”a istinadən məlumatına görə, Elmin barəsində iki aylıq – noyabrın 21-dək həbs qətiimkan tədbiri seçilib. Reperin vəkili İrina Zarvanskaya qərarla razılaşmayaraq apellyasiya şikayəti verəcəklərini bildirib.

Quliyev isə məhkəmədə günahını boynuna alaraq qəzada zərərçəkənlərə musiqidən əldə etdiyi gəliri kompensasiya olaraq ödəməyə hazır olduğunu bildirib. Müdafiə tərəfi hakimdən E.Quliyevi ev dustaqlığına buraxmağı xahiş etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Elmin daha əvvəl soyğunçuluq və yol hərəkəti qaydalarını pozmağa görə müxtəlif vaxtlarda 49 dəfə inzibati məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, sonuncu yol-nəqliyyat hadisəsi sentyabrın 21-də Ostojenko və Pomerançev küçələrinin kəsişməsində “Mercedes” və “İnfiniti” maşınlarının toqquşması nəticəsində olub. Səkiyə çıxan “İnfiniti” piyadaları əzib. Nəticədə 4 nəfər yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilsə də, 1-i bundan imtina edib.

Qəzaya “İnfiniti”nin sürücüsü Elmin Quliyevin yüksək sürətlə qırmızı işığı keçməsi səbəb olub.