Koronavirus pandemiyası səbəbindən ilin əvvəlindən noyabr ayınadək İspaniyaya turist axını 76 faiz azalıb. Həmin dövrdə ölkənin turizm sektoru ötən ilə nisbətən 63,4 milyard avro itirib.

Open.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İspaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən noyabrda ölkəyə təxminən 1 milyon, cari ilin ilk 10 ayında isə 17,9 milyon turist gəlib. Ötən ilin analoji dövründə bu göstərici 74,7 milyon nəfər təşkil etmişdi.

Turizm sahəsindəki itkilərin çox hissəsi amerikalıların payına düşür – 86,5 faiz. Bu dövr ərzində İspaniyaya daha çox fransizlar səyahət edib. Onların sayında təxminən 33 faiz azalma olub.

İlin əvvəlindən bəri İspaniyaya səyahət edənlərin ümumi xərcləri 18,6 milyard avro təşkil edib. Ötən il bu vəsait 82 milyard avrodan çox idi.

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin aprel və may aylarında ölkəyə turizm axını 100 faiz, iyun ayında isə 97,7 faiz aşağı düşüb. İspaniya Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün sərhədlərini hələ mart ayında bağlayıb.