Özbəkistan sərt karantin rejiminə qayıdır.

Open.az xəbər verir ki, bu qərar ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Səhiyyə və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə açıqlanıb.

“Kun.uz” nəşrinin məlumatına görə, tədbir zamanı Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə Baş İdarəsinin üzvü, professor Həbibulla Oqilov Özbəkistanın niyə sərt karantinə qayıtdığına izah gətirib: “Martın 15-də Özbəkistanda ilk koronavirus xəstəsi aşkar edildi. Martın 16-da sərt karantin tədbirləri elan edildi. O dövrdə xarici təcrübəni araşdırdıq, xəstəxanalarda kifayət qədər çarpayı hazırladıq. Əvvəlcə sanatoriyalarda karantin təşkil edildi, sonra xüsusi qəsəbə salındı. Bütün tibbi qaynaqlar COVID-19 ilə mübarizəyə yönəldildi. Bununla birlikdə, tədbirləri yüngülləşdirdikdən sonra bir çoxu qaydalara riayət etməyi dayandırdı. Xəstələrin sayı hər gün artır. Resurslar tükənir. Bütün həkimlər 14 gün işləyirlər və sonra karantinə gedirlər. Həkimlər qalmadı, çarpayı yoxdur”.

O bildirib ki, bu problemlərə əsaslanaraq müvafiq şöbələr Özbəkistanda sərt karantin tətbiq edilməsini təklif edib: “Xüsusi komissiya təkliflərimizi qəbul etdi. Asimptomatik xəstələrin evdə müalicə olunmasına icazə verildi, hotellərdə karantin həyata keçirilə bilər, amma bu vəziyyətdə də yataqlarımız yoxdur. Stasionar yerlər dolub”.

Mütəxəssis koronavirus xəstələrinin sayının artması ilə digər xroniki xəstəliklərdən əziyyət çəkən sakinlərin müvafiq problemlərinin olduğunu da vurğulayıb: “İndi sərt karantin tətbiq etməsək, vəziyyət daha da pisləşəcək. Gündə 300 nəfərdə koronavirus aşkar olunur, xəstələrin ümumi sayı, demək olar ki, 11 minə çatıb. Buna görə xüsusi komissiya belə bir qərar verdi”.

Həbibulla Oqilov statistika ilə bağlı da fikirlərini bildirib: “Hər gün xəstələrin sayı 350 nəfər artır. Bu, hələ bizə məlum olan statistikadır. Asimptomatik daşıyıcılar haqqında dəqiq məlumatımız yoxdur. Xəstə sayı iki-üç qat çox ola bilər. Gündə 20-22 min test kifayət deyil. Əvvəllər nəticələr bir neçə saatdan sonra hazır idi, indi bir neçə gün çəkir”.

O, bütün vətəndaşlardan karantin qaydalarına əməl etmələrini ciddi şəkildə xahiş edib: “Vəziyyət pisləşsə və hər gün 500, 1000 və ya 1500 xəstə müəyyən olunarsa, bu, sistemin çökməsinə səbəb olacaq. Sistem belə bir yükə dözə bilməyəcək”.

Qeyd edək ki, iyulun 10-dan avqustun 1-dək Özbəkistanda bir sıra müəssisələrin fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərar qəbul edilib. İyulun 10-dan etibarən isə ictimai nəqliyyatın hərəkəti və kütləvi mərasimlər daxil olmaqla, yeni məhdudiyyətlər qoyulacaq.