Fransa Prezidenti Emmanuel Makron, Səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı iddiaların çox ağır olduğunu, hadisə ilə bağlı bütün detalların gün üzünə çıxarılmasının lazım olduğunu və buna görə bir mövqe müəyyən edəcəyini deyib.

Open.az xəbər verir ki, Macron, Fransızca Danışan Ölkələr Birliyi Sammiti üçün olduğu Ermənistanda, bir televiziya kanalında bu barədə açıqlama verib.

Fransa Prezidenti Makron, "Həqiqətin tam olaraq ortaya çıxması və hadisənin aydınlığa qovuşmasını gözləyirəm. Söylənənlər olduqca ağır şeylərdir. Fransa, təkidlə, ilk nəticələri hədsiz narahatlıq yaradan bu hadisə haqqında həqiqətin ortaya çıxarılması üçün hər cür səylərin göstərilməsini arzu edir. Hadisə ilə əlaqədar sual işarələri aradan qaldırıldıqdan sonra bir mövqe müəyyən edəcəyəm" deyib.

Makron, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət prioritetlərə görə deyil, strateji maraqlar çərçivəsində bir iş birliyi apardıqlarını qeyd edərək, Səudiyyə Ərəbistanının silah satışı baxımından regiondakı əsas müştəriləri olmadığını, Birləşmiş Ərəb Əmirliklərində isə terrora qarşı mübarizədə həlledici bir məqamda olduğu üçün hərbi baza saxladıqlarını bildirib.

Makron həmçinin, hadisə ilə bağlı indiyədək görüşmədiyi Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının Vəliəhdi Şahzadə Məhəmməd Bin Salman ilə gələcək günlərdə görüşəcəyini ifadə edib.