Koronavirusa yoluxduğu deyilən Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün Covid-19-la mübarizə üzrə Operativ qərargahın iclasını keçirib.

Open.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.

“Bayramdan sonra operativ qərargahın iclasında məsul şəxslərin məruzələrini dinlədim. Ümumilikdə xəstəxanalarda, o cümlədən regionun iqtisadiyyatında vəziyyət stabildir. Biz artıq koronavirusla mübarizə haqda kifayət qədər faydalı məlumat toplamışıq. Əminəm ki, tezliklə regionda, həmçinin, bütün Rusiyada vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə Kadırov yazıb.

Kadırovun köməkçisi Əhməd Dudayev “TASS”a açıqlamasında onun səhhəti ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib: “Ramzan Əhmədoviç operativ qərargahın iclasını özü aparıb. O, çox yaxşı əhvaldadır, sağlamdır və özünü əla hiss edir. Onun səhhəti ilə bağlı hər hansı narahatlığa əsas görmürük”.