Son bir həftədə İsveçrədə koronavirusa yoluxma və ölüm halları ikiqat artıb.

Opena.z xəbər verir ki, ekspertlər infeksiyaya yoluxmanın bu sürətlə davam edəcəyi təqdirdə 10-14 gün sonra ölkədəki xəstəxanalarda reanimasiya şöbələrində boş çarpayı qalmayacağı barədə xəbərdarlıq ediblər.

Gündəlik yoluxma sayının 8600 nəfərə çatması isə İsveçrə hökumətini yeni məhdudiyyətlər tətbiqinə vadar edib.

Hökumətin qərarına əsasən, oktyabrın 29-dan etibarən ölkədə 50 nəfərdən artıq şəxsin iştirak etdiyi bütün tədbirlər qadağan olunur. Eyni zamanda, ictimai məkanlarda 15-dən artıq şəxsin bir araya gəlməsinə icazə verilmir. Ailə və dost çevrəsindəki yığıncaqlarda isə iştirakçı sayı 10 nəfərdən çox olmamalıdır. İdman və mədəniyyət tədbirlərində isə 50-dək şəxsin iştirakına icazə verilir. Kafe və restoranlar isə saat 23:00-a kimi xidmət edə biləcəklər. Yeni qaydalar qeyri-məhdud müddətə qəbul edilib.

8,6 milyon əhalisi olan İsveçrədə gündəlik yoluxma hallarının 6-8 min arasında olması bu ölkədə pandemiyanın nəzarətdən çıxacağı təhlükəsini yaradır. Bir ay öncə ölkədə virusa yoluxanların sayı gündəlik 700-800 nəfərə bərabər idisə, iki həftə sonra 3-4 minə, indi isə 8600 nəfərə çatıb. İndiyədək 135.658 nəfərin koronavirusa yoluxduğu bu ölkədə COVID-19-la əlaqədar 1954 ölüm halı qeydə alınıb.