Türkiyənin İstanbul şəhərindəki ictimai nəqliyyat vasitələrində (avtobus, metrobus, metro və vapur/gəmi), həmçinin yol kənarlarında quraşdırılmış ekranlarda Xocalı soyqırımı barədə videoçarx nümayiş olunub və məlumat lövhələri asılıb.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Martın 1-dək nümayiş olunacaq videoçarxda Xocalı faciəsinin quranlarından bəhs edilir və həmin gün yaşananlar tarixi faktlarla göstərilir.

Bundan başqa, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə "Yenikapı" metro stansiyasında "20-ci Yüzilin soyqırımı" adlı fotosərgi açılıb. Xocalı faciəsini əks etdirən 30-dən çox fotoşəkilin nümayiş olunduğu sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev iştirak edib.