Ermənistanın hava məkanında "Boeing B-737-MAX 8" və "Boeing B-737-MAX" tipli təyyarələrinin uçuşları müvəqqəti qadağan edilib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin "Facebook" hesabında məlumat yayılıb.

Qadağa 13 mart tarixindən 13 aprelə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Efiopiya Hava Yollarına aid "B737 Maks 8" tipli sərnişin təyyarəsi martın 10-da Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza zamanı təyyarədəki 157 nəfər həyatını itirib.

Efiopiyadakı son qazədan sonra Türkiyə, Sinqapur, Çin, Efiopiya, İndoneziya, Avstraliya, Malayziya, Oman, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya, Avropa Birliyi, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Fidci, Hindistan, Honq Konq, Livan, Kosovo, Bəhreyn, Misir və Tailand "Boeing 737 Max" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırıb və hava məkanlarını uçuşlar üçün bağlayıb.

Son olaraq ABŞ prezidenti Donald Tramp ikinci bir əmrə qədər "Boeing 737 Max 8" və "Max 9" tipli təyyarələrin yerə endirilməsinə qərar verdiklərini ifadə edərək, sözügedən qərarın ABŞ Aviasiya Administrasiyası (FAA) tərəfindən dərhal tətbiq olunacağını bildirib.

Gülnar Qafarlı