Ermənistan mətbuatında ölkənin ikinci prezidenti Robert Koçaryanın Moskvaya getdiyi barədə məlumatlar yayılıb.

Open.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın hayeli.am xəbər saytı yayıb.

İki gün əvvəl Qarabağdakı seperatçı rejimin keçmiş rəhbərləri Arkadi Quqasyan və Bako Saakyan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüblər. Dünən isə Ermənistanın keçmiş prezidentləri Leon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, həmçinin işğal altında olan Qarabağdakı seperatçı rejimin keçmiş rəhbərləri Arkadi Quqasyan və Bako Saakyan bir araya gələrək Qarabağ məsələsini müzakirə ediblər.

Bu görüşdən sonra Arkadi Quqasyan və Bako Saakyan yenidən Nikol Paşinyanla görüşüblər.

Ermənistan mətbuatı iddia edir ki, seperatçıların keçmiş rəhbərlərinin Nikol Paşinyanla təkrar görüşmələrinin məqsədi ondan Robert Koçaryanın Rusiyaya getməsinə icazə almaq olub.

Qeyd edək ki, barəsidə cinayət işi olan və girov qarşılığında həbsdən azad olunan Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulub.

Bəzi xəbər saytlar isə yayılan məlumatın həqiqətə uyğun olmadığını və Robert Koçaryanın İrəvanda olduğunu yazıb. (Yeniavaz.com)