Dünya Bankı (DB) Azərbaycanla 2015-ci ildə təsdiqlədikləri çərçivə tərəfdaşlıq proqramının (CPF) müddətini daha 1 il uzadıb.

Open.az-a Bankın Bakı nümayəndəliyindən verilən məlumata görə, belə bir qərar 2015-2020-ci illəri əhatə edən proqramın orta müddətli təhlilinə əsasən verilib. Növbəti proqramın 2022-ci ildən başlayan müddəti əhatə edəcəyi bildirilir.

Hazırda Dünya Bankı tərəfindən 54 km-lik Səlyan – Biləsuvar avtomobil yolunun yenidən qurulmasını nəzərdə tutan “Regional bağlantılar və inkişlaf” (Regional connectivity and development) layihəsi üzrə hazırlıq işləri gedir. Lahiyənin hazırlanması aprel ayınadək başa çatdırılacaq.

Dünya Bankı qrupunun hazırda həyata keçirdiyi tərəfdaşlıq proqramının məqsədi dövlət məsrəflərini daha səmərəli hala gətirərək yeni artım proqramına keçmək istiqamətində ölkənin göstəricilərini təkmilləşdirmək, habelə xarici sarsıntılara qarşı daha dayanıqlı səviyyəyə çatdırmaq olub. Lakin ötən il başlayan koronavirus pandemiyası nəticəsində dünyada karbohidrogenlərə tələbatın kəskin azalması və müvafiq olaraq neft qiymətlərinin də xeyli azalması Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərib.

Bu gün Azərbaycan qarşısında əvvəlki iqtisadi artımını bərpa etməklə yanaşı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərilə bağlı da irimiqyaslı vəzifələr durduğu üçün Dünya Bankı və başqa beynəlxalq maliyə təsisatları ilə əməkdaşlıq əlaqələri əhəmiyyətini qoruyur.

Qeyd edək ki, Dünya Bankının üzvlüyünə qoşulduğu 1992-ci ildən bu yana Azərbaycan 50-dən artıq layihə üçün həmin qurumdan 3,5 milyard ABŞ dollarlıq kreditlər alıb. 2017-ci ildə DB ölkəmizə 400,25 milyon ABŞ dolları məbləğində kreditlər və qrantlar ayırıb. Üç il fasilədən sonra 2020-ci maliyə ilində (2019-cu ilin 1 iyulundan 2020-ci ilin 30 iyununadək) DB Azərbaycana kredit verməyi bərpa etdi. Belə ki, məşğulluğu dəstəkləyən, ədliyyə islahatlarını davam etdirən layihələr üçün 150 milyon ABŞ dolları həcmində kreditlər ayrılıb.