Dubay dünyada davam edən COVID-19 pandemiyasına baxmayaraq bu gündən etibarən xarici turistlərin qəbuluna başlayıb.

Open.az "Associated Press" nəşrinə istinadən xəbər verir ki, Əmirliyə gələn turistlər sərhəddə neqativ koronavirus test nəticələrini təqdim etməlidirlər.

Testin ölkəyə gəlməzdən ən gec 4 gün öncə edilməsi tələb olunur. Test nəticəsi olmayan şəxslər ölkəyə gəldikdən sonra testdən keçiriləcək və nəticələr çıxana qədər qısa müddətlik təcrid olunacaqlar. Test nəticələrinin bir neçə saat ərzində məlum olacağı bildirilib.

Bundan əlavə, turistlər özləri ilə COVID-19 xəstəliyini də əhatə edən sağlamlıq sığortası və xəstələndikləri halda bütün xərcləri qarşılayacaqlarına dair bəyannamə təqdim etməlidirlər.

Hotellərə daxil olarkən turistlərin temperaturu yoxlanacaq. Həmçinin hotellərdə bütün nömrələrə dezinfeksiyaedici aparatlar yerləşdiriləcək. Turistlər istirahət zamanı maska taxmalı və əl üçün dezinfektantlardan mütəmadi istifadə etməli olacaq. Hotel sahibləri hazırda Dubayda istirahətin tam təhlükəsiz olduğunu bildirib.

Qeyd edək ki, 2019-cu ildə Dubaya 16,7 milyon turist səyahət edib.