Çinli mütəxəssislər yeni pilotsuz helikopter hazırlayıblar.

Open.az xəbər verir ki, Çin Aviasiya Sənayesi Korporasiyasının istehsalı olan AR500C-nin ilk uçuşu uğurlu olub.

Əsasən anti-terror əməliyyatlarında, yanğınların söndürülməsində və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında istifadə üçün nəzərdə tutulan helikopter 5 min metrə qədər yüksəklikdə uçmaq qabiliyyətinə malikdir.

Çin Aviasiya Sənayesi Korporasiyasının helikopter araşdırmaları institutunun baş mühəndisi Fan Yonhon bildirib ki, AR500C iri pilotsuz uçuş aparatları xüsusiyyətlərinə malik olsa da, onun havaya qalxması və enməsi zamanı uçuş zolağına ehtiyac yoxdur.

Çinin pilotsuz uçuş aparatları üzrə ən son texnologiyaları əsasında hazırlanan helikopterin maksimum sürəti saatda 170 kilometrə çatır və 5 saat dayanmadan uça bilir. 500 kiloqram yükü 5 min metr hündürlüyə qaldıra bilməsi üçün təkmilləşdirilmiş rotor aerodinamika texnologiyasından istifadə olunub. Bundan başqa, küləyə və quma qarşı müqavimətli olması üçün helikopterin dizaynında əlavə texnologiyalar da tətbiq olunub.