Çin xaricdən ölkəyə yeni koronavirus (COVID-19) infeksiyasının axınını azaltmaq üçün beynəlxalq uçuşları məhdudlaşdırıb.

Open.az Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, martın 29-dan etibarən yerli şirkətlər xarici ölkələrin hər birinə həftədə yalnız 1 uçuş yerinə yetirə biləcəklər.

Xarici aviasiya şirkətləri də Çindəki təyinat məntəqlərinə və əks istiqamətdə həftədə yalnız 1 uçuş həyata keçirə biləcəklər. Bundan başqa, virusun yayılmasını azaltmaq üçün Çinə gələn və ölkədən uçan təyyarələrdə sərnişin yerlərinin 75 faizindən çoxuna minik qadağan edilib.

Qeyd edək ki, son günlər Çinə xaricdən gələn sərnişinlər arasında COVID-19 infeksiyasına yoluxma hallarını çoxalması hökuməti sərhəd karantin tədbirlərini sərtləşdirməyə vadar edib. İndiyədək xaricdən gələn 541 sərnişinin COVID-19 daşıyıcısı olduğu aşkarlanıb. Hökumətin qərarı ilə xaricdən gələn sərnişinlərin 14 günlük karantində qalması məcburidir.