Çili prezidenti Sebastian Pinera ölkədə keçirilməsi nəzərdə tutulmuş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitini (APEC) və BMT-nin iqlim üzrə konfransını (COP25) keçirməmək barədə qərar verib.

Open.az-ın məlumatına görə, “Report” “CNBC”yə istinadən xəbər verir ki, bu qərar son həftələr bütün Çilini bürüyən və tez-tez kütləvi iğtişaşlarla nəticələnən etiraz aksiyaları ilə bağlıdır.

“Bu, çox çətin, lakin ümumi mənada müdrik prinsipə əsaslanan qərardır. Prezident həmvətənlərini daima hər şeydən üstün tutmalıdır. Bizim başlıca qayğımız sosial gündəmi vətəndaşlarımızın əsas tələbinə cavab vermək istiqamətində dəyişdirməklə yanaşı, ictimai asayişi, vətəndaşlarımızın təhlükəsizliyini və sosial sülhü yenidən bərqərar etməkdən ibarətdir”, - dövlət başçısı mediaya açıqlamasında bildirib.

Xatırladaq ki, APEC sammiti Santyaqoda noyabrın 16-17-də, BMT-nin iqlim üzrə konfransı isə dekabrın 2-dən 13-dək keçirilməli idi.