Səudiyyəli jurnalist Camal Xaşogi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda boğularaq öldürülüb.

Open.az xəbər verir ki, bu barədə CNN telekanalı krallığın hakim sülaləsinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, bu mənada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin jurnalistin “qəsdən öldürülməməsi” barədə ötən gün yaydığı bəyanat diqqət çəkir.

Xatırladaq ki, həmin bəyanatda deyilir: “Araşdırmalar göstərib ki, Xaşogi İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Xaşogi həyatını itirib”.

Daha öncə Səudiyyə Ərəbistanı hakimiyyəti Xaşoginin ölümünü təsdiqləyərək, iş üzrə krallığın 18 təbəəsinin həbs edildiyini bildirmişdi. Eyni zamanda, kral kəşfiyyatın yüksək rütbəli zabitlərinin, o cümlədən qurumun başçısının müavini Əhməd Əsirinin tutduqları vəzifələrdən azad edilməsi barədə fərman imzalamışdı.

Ər-Riyad hakimiyyətinin ünvanına tənqidi yazıları ilə məşhur olan Xaşogi oktyabrın 2-də sənədlərinin qeydiyyatı üçün ölkəsinin İstanbuldakı baş konsulluğuna gəlib və həmin vaxtdan onunla əlaqə kəsilib. Reportyorun işinin araşdırılması üçün Səudiyyə Ərəbistanı - Türkiyə birgə istintaq qrupu yaradılmışdı. Ötən həftə türkiyəli müstəntiqlər diplomatik nümayəndəliyə, xidməti avtomobillərə və İstanbuldakı baş konsulun iqamətgahına baxış keçiriblər. Bununla birlikdə, Ər-Riyadda kralın göstərişi ilə Baş Prokurorluq daxili araşdırma aparır. (Virtualaz)