Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, televiziya jurnalisti Viktoriya Marinovanın qətlə yetirilməsi hüquq-mühafizə orqanlarına etibarın azalması ilə nəticələnib.

Open.az xəbər verir ki, hüquq-mühafizə və məhkəmə orqanları yalnız Bolqarıstan vətəndaşlarına deyil, ölkənin beynəlxalq tərəfdaşlarına nümayiş etdirməlidir ki, belə cinayətlər ölkədə tez bir zamanda araşdırılır və günahkarlar qanunun tam ciddiliyi ilə cəzalandırılır.

Qeyd edək ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində regional “TVN” telekanalının aparıcısı Viktoriya Marinova qətlə yetirilib. İstintaqçıların fikrincə, cinayətin səbəbi jurnalistin iş fəaliyyəti, xüsusilə, apardığı jurnalist araşdırması ilə əlaqədar ola bilər. Jurnalistin son araşdırması GPGate adlı Avropa İttifaqı fondlarının mənimsənilməsi işi barədə olub.

V.Marinovanın qətlində şübhəli bilinən 21 yaşlı Severin Krasimirov oktyabrın 9-da Almaniyada həbs olunub. Onun ölkəsinə ekstradisiya edilməsi gözlənilir. Bolqarıstanda ona qiyabi olaraq qətl və təcavüz maddələri üzrə ittihamlar irəli sürülüb. Bu cinayətə görə S.Krasimirov ömürlük həbs cəzası ala bilər.