Azərbaycan Prezidenti İlham Əliyevin dünya ölkələrinin COVID-19 vaksini ilə ədalətli təminatı, eləcə də bu peyvəndin yoxsul və zəngin dövlətlər arasında bərabər səviyyədə bölgüsü barədə səsləndirdiyi tənqidi fikirlər Malayziyada geniş əks-səda doğurub və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Open.az xəbər verir ki, Malayziyanın BERNAMA Milli Xəbər Agentliyi martın 4-də bu barədə geniş məqalə dərc edib. “Peyvəndin ədalətsiz bölgüsü: Qoşulmama Hərəkatının sədri, Prezident Əliyev vaxtında çağırış edir” sərlövhəli məqalədə dövlətimizin başçısının fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə COVID-19 peyvəndi barədə söylədiyi tənqidi fikirlərə geniş yer verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq müraciətlərindəki cəsarəti bir daha nümayiş etdirərək, COVID-19 peyvəndinin ölkələr arasında ədalətsiz və qeyri-bərabər bölgüsünü gündəmə gətirməklə Qoşulmama Hərəkatı təşkilatına üzv dövlətlərin maraqlarını ifadə edib.

Azərbaycan Prezidentinin özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik etdiyi bildirilərək, beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bu nəhəng beynəlxalq instituta üzv ölkələri layiqincə təmsil etdiyi vurğulanıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Yer kürəsi əhalisinin 55 faizdən çoxunu əhatə edir və BMT-dən sonra dünyanın ən böyük təşkilatı sayılır.

Məqalədə Prezident İlham Əliyevə istinadla inkişaf etmiş ölkələrin dünya əhalisinin 14 faizini təşkil etdiyi, lakin bu ölkələrin indiyədək dünya üzrə vaksinlərinin 53 faizini sifariş etdiyi, bu halın ədalətsizlik və qeyri-bərabərlik yaratdığı bildirilib.

Azərbaycan Prezidentinin aşağıdakı fikirləri sitat gətirilib: “Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.

Prezident İlham Əliyevin tənqidi fikirlərini BERNAMA agentliyinə şərh edən Malayziya Texnologiya Universitetinin professoru, tanınmış geostrateq Azmi Hassan bildirib ki, yoxsul və zəngin ölkələr arasında davam edən COVID-19 peyvəndinə qeyri-bərabər əlçatanlıq şəraiti fonunda Azərbaycan Prezidentinin çağırışı olduqca vacibdir.

A.Hassan COVID-19 pandemiyasının qarşısının alınmasında qlobal səviyyədə insanlar arasında “sürü immunitetinin” (herd immunity) yaranmasının hədəfləndiyinə diqqət çəkərək, zəngin ölkələrin davranışı ilə bağlı deyib: “Ədalətdən, bərabərlikdən danışan inkişaf etmiş ölkələrin peyvəndlə bağlı praktikada başqa cür hərəkət etmələrini görməməzlikdən gəlmək olduqca çətindir”.

“Azman Hashim” Beynəlxalq Biznes Məktəbinin dosenti Rossilah Jamil isə baş verən tendensiyanı peyvənd milliyyətçiliyi təhlükəsi kimi şərh edib və Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi dünya liderlərinin narahatlığını ifadə etdiyini vurğulayıb.

Həmçinin məqalədə BMT Baş katibi Antonio Quterreşin də Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiyinə işarə olunub, ona istinadla hamı üçün peyvənd əlçatanlığının qlobal ictimaiyyət üçün ən böyük əxlaq imtahanı olduğu, hər kəsi əhatə etməsinin vacibliyi bildirilib.

Bundan başqa, məqalədə o da xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər 1955-ci ildə Asiya-Afrika Konfransında qəbul edilmiş, sonrakı illərdə Qoşulmama Hərəkatının qurucu sənədi rolunu oynayan Bandunq Prinsiplərinin əsas ruhunu özündə əks etdirir. Beləliklə, böyüklü-kiçikli bütün irqlər, millətlər arasında bərabərliyi, ədalətə və beynəlxalq mükəlləfiyyətlərə ehtiramı, qarşılıqlı maraq və əməkdaşlığı, əsas insan hüquqlarına hörməti, o cümlədən BMT Sazişinin məqsəd və prinsiplərini ehtiva edir.