Belçika hökuməti vaksinasiyanın tempini sürətləndirmək üçün milli peyvəndləmə qaydalarını yenidən nəzərdən keçirməyə başlayıb.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu baxımdan ilk addım 55 yaşdan yuxarı şəxslərin üçün “AstraZeneca” peyvəndinin istifadəsinə icazə verilməsi olub. “Bu qərar Şotlandiya və Böyük Britaniyada yaşlı insanlara peyvənd vurulması ilə bağlı araşdırmaların nəticələrinə əsaslanır. Belə ki, peyvəndin yaşlılarda da effektivliyi təsdiqlənib”, - qəzet yazıb.

Belçikada artıq bu peyvənd üçün yuxarı yaş həddi yoxdur, buna görə “AstraZeneca” hər yaş üçün istifadə edilə bilər.

“Le Soir” qeyd edir ki, peyvəndləmə qaydalarındakı növbəti dəyişiklik hökumətin “Pfizer” peyvəndinin birinci və ikinci dozaları arasındakı aralığın 21 gündən 35 günə qədər artırılması olmalıdır. Bu da mövcud peyvənd ehtiyatlarından daha elastik istifadə edilməsinə və artıq bir dəfə peyvənd olunmuş şəxslər üçün ikinci aşılanma məqsədilə saxlanılan dozaların sayını azaltmağa imkan verəcək. Birinci və ikinci peyvənd dozaları arasındakı aralığın üç həftədən beş həftəyə qədər uzadılması yerli tibb personalına peyvənd tədarükünün sabitliyindən daha az asılı olmaq və yeni partiyaların qəbulu zamanı problemlər olacağı təqdirdə təkrar inyeksiya üçün daha az doza ehtiyat saxlamaq imkanı verəcək.

Qeyd edək ki, Belçikada aşılanmaya ötən il dekabrın 28-də başlanılıb. “Mystic” jurnalının dərc etdiyi təhlil məqaləsinə əsasən, bu sürətlə ölkə əhalisinin 70 %-i yalnız 2025-ci ilin avqustuna qədər peyvənd oluna biləcək.