Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan “Sənaye və Energetika üzrə Tədqiqatlar” cəmiyyətinin “RiEnergia” internet portalında Venesiyanın “Ka Foskari” universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi” adlı məqalə dərc olunub.

Bu barədə Open.az-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir və qeyd olunur ki, Bakı istehsala başlamaq və hazırda daha geniş Cənub Qaz Dəhlizinin ilk seqmenti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi boru kəmərlərin tikintisi vasitəsilə regional (Türkiyə, Gürcüstan) və Avropa (ilk növbədə İtaliya) bazarlarına əhəmiyyətli həcmdə ixracı həyata keçirmək üçün lazımi maliyyələşmə, “know how” və diplomatik dəstəyi əldə etməyə müvəffəq olmuşdur.

Məqalədə münaqişə ilə bağlı fikirlərini ifadə edən müəllif son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki Gəncə hava limanı, Mingəçevir SES, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji infrastruktur obyektlərinə raket zərbələri endirmək cəhdləri barədə danışır və bu hücumların Ermənistan üçün ağır diplomatik nəticələrinin olacağını vurğulayır.

K.Frappi enerji gəlirlərinin və bu sahəyə sərmayə qoyuluşunun münaqişəyə təsiri və rolunu da qiymətləndirərək, bu kontekstdə son on beş il ərzində Bakının öz enerji resurslarından əldə etdiyi gəlirlərin ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi və silah-sursatın alınması üçün vəsait ayrılmasına imkan verdiyini vurğulayır və bu vəsaitin Ermənistanın bütövlükdə dövlət büdcəsi həcmində olduğunu diqqətə çatdırır. Eləcə də, Azərbaycanın enerji potensialının güclənməsi ilə yaranan assimmetriyanın son toqquşmalar zamanı da özünün göstərdiyini qeyd edir.
Müəllif enerjiyə sərmayə qoyuluşunun xarici ölçüsünün də münaqişəyə az təsir göstərmədiyini bildirir və izah edir ki, beynəlxalq enerji və ya qeyri-enerji nəqliyyat infrastrukturları üçün xərclənmiş vəsait faktiki olaraq Bakıya regional səviyyədə rolunu artırmaqla həm tranzit ölkələr, həm də karbohidrogen istehlakçısı olan ölkələr ilə əlaqələri genişləndirməyə və gücləndirməyə imkan vermişdir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün qoyulmuş böyük həcmdə investisiyalar bu dinamikanı göstərən ən böyük sübutdur. Müəllif Azərbaycanın şərq-qərb oxu üzrə (Azərbaycan, Gürcüstan və Türkiyə arasında) həyata keçirilmiş dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi təşəbbüsləri və şimal-cənub oxu üzrə (İran, Azərbaycan və Rusiya arasında) çoxdandır inkişaf mərhələsində olan təşəbbüslərindən də danışır.

Bundan əlavə, məqalədə qeyd olunur ki, enerji sektorunda əldə etdiyi gəlirlər hesabına Azərbaycan münaqişənin həll olunması məqsədilə Ermənistanı danışıqlarda güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərini qurmuşdur. 90-cı illərin ortalarında “ərazi əvəzinə neft kəməri” məntiqi ilə münaqişənin həlli üçün enerjidən təzyiq kimi istifadə etmək cəhdi müvəffəqiyyətsizliyə uğramaqla, infrastrukturun inkişaf etdirilməsi siyasəti “Ermənistanın regional inkişafdan təcrid edilməsi” məntiqi ilə aparılmışdır. Ermənistanın regional layihələrə cəlb edilməsi ehtimalının münaqişənin həllinə birbaşa bağlı olduğu qeyd olunmaqla vurğulanır ki, bu, 1993-cü ildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsinə cavab olaraq sərhədlərini bağlamış Türkiyə ilə həmin sərhədlərin yenidən açılması fonunda Ermənistanın “boğulan” iqtisadiyyatına təkan vermiş ola bilərdi.

Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür:

https://rienergia.staffettaonline.com/articolo/34621/Il+conflitto+in+Nagorno-Karabakh+e+il+peso+dell'energia/Frappi