Həddindən artıq soyuqlar Avropanı təsiri altına alıb. Qitənin bir çox şəhərində qar və dondurucu soyuqlar həyatı iflic edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanda havanın temperaturu -23 dərəcəyə düşüb. Bunun nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər də itkin düşüb. Paytaxt Afina başda olmaq üzrə bir çox tarixi bölgələrədə uzun aradan sonra ilk dəfə qar yağıb.

Avstriyada da 28 və 23 yaşlı iki nəfər itkin düşüb. Təhlükəsizlik qüvvələri axtarış-xilasetmə işinə başlayıb. Avstriyanın aparıcı şəhərlərindən Zalsburqda da bir adamın həddən artıq soyuqlardan can verdiyi bildirilib. Almaniya-Avstriya sərhədində isə 20 yaşlı bir qadının Teisenberg Dağında qar uçqunu altında qaldığı qeyd olunub.

Almaniyanın Bavariya bölgəsində 44 yaşlı bir xizəkçi həyatını itirib. Slovakiyada da 37 yaşlı Slovak vətəndaşı Mala Fatra Dağlarında qar uçqunu altında qalıb.

Çox sayda təyyarə və dəmir yolu reysi ləğv edilib.

Gülnar Qafarlı

Avropa qara təslim oldu: Çox sayda ölən var