ABŞ-da koronavisusdan 17 mindən çox insan vəfat edib.

Open.az xəbər verir ki, bu barədə federal və yerli statistika hesablamalarına, həmçinin başqa mənbələrə istinadən Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı 470 mindən çox hadisə təsdiq edilib.

ABŞ-da 473 mindən çox insan virusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.