15 aprel 23:00

Fransanın paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) güclü yanğın baş verib.

Open.az xəbər verir ki, yanğın nəticəsində kilsənin üzərindəki uzun qüllənin bir hissəsi aşıb.

Yanğının səbəbi hələ ki, naməlumdur.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat verilməyib.

***

Fransanın paytaxtı Parisdə hər il milyonlarla turist tərəfindən ziyarət edilən ən məşhur abidələrindən Notr-Dam kilsəsində baş verən yanğın 8 saatdan sonra söndürülüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə sözçüsü Qabriel Plus məlumat verib.

Yerli vaxtla saat 18:50-də başlayan yanğın 03:20-də söndürülüb. Yanğında 93 metr hündürlüyündəki qüllələrdən biri və tikilinin damı tamamilə külə dönüb.

Təxminən 500 yanğınsöndürənin müdaxilə etdiyi yanğında, gərgin əmək sayəsində şimal zəng qülləsi ilə əsas bina azad edilib.

"Twitter" sosial şəbəkəsində bir neçə saat içərisində yanğına dair 1 milyon 600 min paylaşım edilib.

Fransa prezidenti Emmanuel Makron bunun faciə olduğunu bildirib: "Fəxr edək, çünki bu kilsəni 800 ildən daha uzun bir müddət öncə biz inşa etdik və əsrlər boyu böyüdüb inkişaf etdirmişik. Bu gecə qəti şəkildə deyirəm, birlikdə yenidən inşa edəcəyik".

Yanğının səbəbi hələlik bilinməsə də yanğınsöndürmə rəsmiləri yanğının yenidənqurma işlərindən dolayı çıxmış ola biləcəyini bildirib.

Fransanın simvolu olaraq göstərilən və müharibələrə baxmayaraq ayaqda qalan dünya şöhrətli 856 illik abidənin zərər görməsi, fransızlar qədər digər Avropalıları da kədərləndirib.

Fransanın milyarder Pinault ailəsi yeni inşa işləri üçün 100 milyon avro ianə edəcəyini bildirib.

Yanğının səbəbləri araşdırılır.

Gülnar Qafarlı