“WhatsApp” platforması 2020-ci ildə də yeniliklərə davam edəcək.

Open.az xəbər verir ki, verilən açıqlamada bir neçə özəllik barədə məlumat yayımlanıb.

Bildirilir ki, “Snapchat”la həyatımıza girən silinən mesajlar bir müddət sonra “WhatsApp”da da aktiv olacaq. Sözügedən yeniliklə istifadəçilər mesajların nə vaxt silinəcəyinə qərar verib sonra göndərəcək. Mesaj üçün nəzərdə tutulan vaxt tamamlandıqda mesaj avtomatik olaraq hər iki tərəf üçün silinəcək. Hələ də test prosesində olan yeni funksiya mesajların 10 saniyə, 1 dəqiqə, 1 saat ya da 1 günlük silinmə vaxtı təqdim edəcək.

Digər yenilik isə enerjiyə qənaət və gözlərin yorğunluğunun qarşısının alınması üçün nəzərdə tutulan “qaranlıq ab-hava” funksiyasıdır.

Bundan sonra “WhatsApp”da fotoları axtarmaq özəlliyi də olacaq. Belə ki, sosial platforma ilə göndərilən fotoları “Google” vasitəsilə axtarmaq mümkün olacaq.

Həmçinin, “WhatsApp”ın “Story” bölümündə reklamlar da görünəcək. Bu proses isə İnstaqramda olduğu kimidir.(Axsam.az)