Moskva meriyası smartfonlar vasitəsi ilə sərnişin axınına nəzarət edəcək.

Bu barədə Open.az "Kommersant"a istinadən məlumat paylaşıb.

Hərraca əsasən meriya 155,2 milyon rubl vəsaiti 220 xüsusi tətbiq kompleksi ilə təchiz edilən cihazlara sərf edəcək. Qeyd edək ki, sözügedən cihazlar şəhər sakinlərinin Wi-Fi və ya Bluetooth üzərindən MAC-ünvanlar vasitəsi ilə (cihaz istehsal edilən zaman verilən nömrə) yerdəyişməsinə aid məlumatlar toplayacaqlar.

Sistemlər dayanacaq və keçid məntəqələrində quraşdırılacaq. Cihazlar həftə, ay və il ərzində insanların yerdəyişmə prosesini videokameralar ilə izləyərək hesabatlar hazırlayacaqlar. Hesabatlar sayəsində sərnişinlərin hərəkət xəritəsi, yerdəyişmənin keyfiyyəti və şəhər nəqliyyat sisteminin fəaliyyəti daha da yaxşı araşdırılacaq.

Qeyd edək ki, sözügedən sistemlərdən Sinqapur, London və Berlin kimi şəhərlərdə istifadə edilir.