Koronavirus pandemiyası bəşəriyyətin bir sıra gizlin, şüuraltında formalaşan qorxularını aşkarladı. Minlərlə feyk xəbər, yalan məlumat paylaşıldı. Kimsə virusun təhlükəsini qəbul etdi, kimsə də onun mövcudluğunu belə inanmadı. Qorxular şayiələri formalaşdırdı, şayiələr isə qorxuları çoxaltdı.

5G əleyhdarları virusun bu yolla yayıldığına əmindirlər

Heç kəsin gözləmədiyi halda Böyük Britaniya, Hollandiya kimi inkişaf etmiş ölkələrin əhalisi 5G qüllələrini yandırmağa başladı. Eyni hadisə Rusiyanın Şimali Osetiya vilayətində də baş verib. Nogir kəndi yaxınlığında yerləşən mobil antenanı yerli sakinlər yandırıblar.

5G texnologiyası isə 2020 ildən başlayaraq tətbiq olunmağa başlayıb. 4G ilə müqayisədə inqilabi sıçrayış olan 5G olduqca sürətli internetin köməyi ilə böyük həcmdə informasiyanı tez bir zamanda dünyanın istənilən nöqtəsinə çatdırmaq gücündədir. Hələlik bu texnologiya kütləvi istifadədə yoxdur, əsasən mobil qüllələrin quraşdırılması, 5G-nin testdən keçirilməsi prosesi reallaşır. Bu mərhələdə belə avropalılar yeni quraşdırılan qüllələri məhv etməklə məşğuldurlar.

Mətbuatda gedən xəbərlərdə bu vandalizm aktlarının səbəbi kimi məhz koronovirusun mobil qüllələr vasitəsi ilə yayılması göstərilir. 5G əleyhdarları virusun bu yolla yayıldığına əmindirlər. Bəzi ekoloji sağlam həyat tərəfdarları isə ümumən 5G-dən güclü elektromaqnit dalğaları yayıldığından insan həyatına ciddi zərər vurduğunu zənn edirlər. Kimsə də koronavirusun məhz bu güclü dalğaların köməyi ilə yayıldığını iddia edir. Belə fərziyyələr nə qədər gülməli görünsə də, xeyli tərəfdar toplaya bilib. Nəticədə qüllələrin yandırılması ilə real təcəssümünü tapıb.

Əlbəttə, mətbuatda bir sıra İKT mütəxəssisi bu cür yanaşmanın doğru olmadığını bildirib. Koronavirus qüllənin vasitəsilə heç cür yayıla bilməz. Özü də hələ işləməyən, quraşdırılma mərhələsində olan bir mobil qüllə xəstəliyi hansı yolla yaya bilər? Elektromaqnit dalğanın yaxınlığında yaşayan insanlara hər hansı ziyanın dəyə bilməsi hələ mümkündür, amma virusun yayılması absurd ideyadır.

Hər dəfə bəşəriyyət bu virusların öhdəsindən asanlıqla gəlir

Amma koronavurus və 5G texnologiyasını birləşdirən daha məntiqli əlaqəni izah edən nəzəriyyə də var. Konspiroloqlar koronavirusu sadəcə diqqət yayındırma vasitəsi olduğunu iddia edirlər. Daha əhəmiyyətlisi yeni texnologiyanın köməyi ilə dünyada total nəzarət sisteminin qurulması və insan sayının azaldılması kimi fikirlərdir.

Onların fikrincə, koronavirus bütün dünyada qorxu yaratmaq, insanları daha üzüyola, itaətkar etmək üçün düşünülmüş ssenarinin bir hissəsidir. Hamını evdə oturmağa məcbur etmək, dəhşətli qorxu yaratmaqla çoxdan düşünülmüş planları həyata keçirmək mümkün olacaq. Özü də onlar məhz 5G-nin köməyi ilə reallaşdırılacaq. Konspiroloqlar “gizli hökumət”in 2 əsas planının olduğunu iddia edirlər. Birincisi, Yer kürəsində insan sayının artması böyük problemlər doğurur deyə bu sayı mümkün qədər azaltmağın yollarını tapmağa, ikincisi, bu qədər insana necə nəzarət etməyin üsullarını sınaqdan keçirməyə bağlıdır.

İnsan sayı artıb deyə planetin resursları kifayət etmir. “Qızıl milyard” nəzəriyyəsinə görə, Yerin əhalisi 8 dəfə azaldılaraq 1 milyard səviyyəsində qərarlaşmalıdır. Bunun üçün hər cür bioloji silah, viruslardan yararlanmaq olar. Konspiroloqlar son dövrlərdə dalbadal geri qayıdan qrip və pnevmoniyanın, həmçinin koronavirusun süni olaraq laboratoriya şəraitində yaradıldığına əmindirlər. Amma, nədənsə, hər dəfə bəşəriyyət bu virusların öhdəsindən asanlıqla gəlir.

Bir düyməni basmaqla istənilən ərazini “azad” etmək olar

Konspiroloqların fikrincə, “gizli qüvvələr” artıq yeni plana əl atıblar. Hazırda koronavirusa qarşı hazırlanan peyvəndin tərkibinə toz dənəciyindən də kiçik olan çoxlu sayda nanoçiplər yeridiləcək. Belə çiplər illərlə insan bədənində məskunlaşacaq. Nanoçiplərin iki funksiyası var: birincisi, insanı onların köməyi ilə hər yerdə izləmək, ikincisi, onların vasitəsilə ilə hər bir kəsin həyatına son qoymaq mümkün olacaq.

Bu fikirlərdə müəyyən qədər həqiqətə uyğunluq var, çünki insanı izləmək üçün bir növ ideal texnologiyadır. Bədənə yeridilən çiplər ümumi nəzarət sistemində qeyd edilir, sonra onların müəyyənləşdirilməsi isə məhz 5G-nin vasitəsilə baş verir. Məsələn, 4G-nin vasitəsilə bədəndə yerləşən çipi məsafədən təyin etmək çox çətindir, amma növbəti texnoloji sıçrayış buna imkan verə bilər. Hazırda bədənində çip olan xeyli insan var, amma onları izləmək olmur, çünki bu çiplər yalnız lokal məqsədə xidmət edir. Supermarketdə və ya restoranda pul ödəmək, çalışdığı ofisə daxil olmaq üçün. Bu çiplər məsafədən idarə olunmur. 5G və bədəndə yerləşdirilən yüzlərlə kiçik nanoçiplər total nəzarət sisteminin tətbiqinə münbit şərait yarada bilər.

Digər tərəfdən hazırda bu tip nanoçiplər xərçəng xəstəliyinin müalicəsində istifadə edilir. Bədənə yeridildikdə, onlar bir komandanın vasitəsilə məhz xərçəng hüceyrələrinə hücum edirlər. Sağalma baş verir Əgər peyvəndin daxilində hər bir insana bu nanoçiplər yeridilsə, onda elə yaxınlıqdakı 5G qülləsindən gələn komandanın təsirindən onlar insanın istənilən daxili orqanını sıradan çıxara da bilərlər. Beləliklə, bir düyməni basmaqla istənilən ərazini “azad” etmək olar. Milyonlarla insan dünyasını dəyişə bilər.

Nə qədər dəhşətli görünsə də, belə ssenarilər mövcuddur və internetdə yaşamaqda davam edir. Çox da məntiqli görünür: 5G texnologiyası tətbiq edilir, virus qorxu yaradır, hamı peyvənd vurulmasına razı olur, daha sonra isə bir komandanın köməyi ilə milyonlarla insan məhv edilir.

Nanoçipli peyvəndi axı kim öz vətəndaşına yeridər?

Belə bir ideyaların reallaşması mümkündürmü? Bəzi oxşar planlar artıq öz təsdiqini tapıb. Məsələn, Çində insanları tanıyan, onları izləməklə məşğul olan virtual sistem artıq tətbiq edilib. Bu sistem insanı həm izləyir, həm də qiymətləndirir. Kim hara getdi, özünü necə apardı, qaydanı necə dəfə pozdu. Bütün bunlar hər bir kəsin gələcək taleyində xüsusi rol oynayır. Bəzən kimsə vəzifə tutmaq istəyir, amma sistemin verdiyi qiymət buna mane olur. Yaxşı karyera qurmağa çalışan hər bir insan özünü “nümunəvi” aparmalıdır. Yəni nəzarət sistemi artıq bir çox ölkədə bu və ya digər formada reallaşıb. Axtarış sistemləri, sosial şəbəkələr, banklar, dövlət qurumları hər bir insan barəsində çox məlumatlıdırlar. Kameralardan yayınmaq isə mümkünsüzdür. Sadəcə 5G və nanoçiplər bu işi daha sürətli görməyə imkan yaradacaq.

İnsan həyatı üçün təhlükəyə gəlincə, bunu reallaşdırmaq bir qədər çətindir, çünki bu peyvəndlər min dəfələrlə sınaqdan keçəcək, daha sonra bunu alan dövlətlər də tərkibini yoxlayacaq. Nanoçipli peyvəndi axı kim öz vətəndaşına yeridər? Çin, Rusiya, Hindistan, Braziliya kimi böyük laboratoriyaları olan ölkələrə belə peyvənd satmaq olarmı? İnformasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə bu boyda “əməliyyatı” necə həyata keçirmək olar? İndiki dövrdə məlumatı heç 5-10 il gizlətmək mümkünsüzdür. Bu boyda işi kim və necə reallaşdıracaq? Hamını bir sistemdə toplamaq, idarə etmək, yeri gələndə məhv etmək olduqca qəliz və çətin məsələdir.

Hansısa gizli qüvvələrin dünyanı nəzarətə götürmək, insan sayını azaltmaq, yerdə qalan resursları ələ keçirmək planı ola bilər. Amma bu ssenariləri reallaşdırmaq çox çətindir, çünki bir qüvvəyə qarşı həmişə başqa qüvvə var, bir plana qarşı başqa plan olduğu kimi. Hər hansı bir gizli sövdələşmə və planların reallaşması elə dünyada çoxlu güc mərkəzlərinin mövcudluğundan baş vermir. Bu baş versə, deməli, bütün bu qüvvələr ya bir mərkəzdə birləşib, ya da onların maraqları tam təmin olunub. ABŞ, Rusiya, Avropa Birliyi, Böyük Britaniya, Çin, Yaponiya, Hindistan, Braziliya və digərləri geosiyasi rəqiblərini diqqətlə izləyirlər. Tam razılığa gəlmək və məxfiliyi təmin etmək heç cür alınmır.

İsmayıl Rafiqoğlu