Kosmosun peşəkar astronavtlar tərəfindən fəth eidlməsi 21-ci əsr üçün sensasiya sayılmasa da, aktyorun fəzaya film çəkilişləri üçün qalxması əsl möcüzədir.

Open.az xəbər verir ki, "Qeyri-mümkün" tapşırıq filminin baş qəhrəmanı Tom Kruz bu dəfə film çəkilişləri üçün kosmosa səfər edəcək.

Filmin çəkilişləri "Universal" studiyası tərəfindən həyata keçiriləcək. Bunun üçün studiya tərəfindən 200 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Çətin missiyanın öhdəsindən gəlmək üçün "NASA" çəkiliş heyətinə yardım edəcək.

Qeyd edək ki, bir müddət əvvəl kosmik agentliyin rəhbəri, "NASA"nın böyük məmnuniyyətlə film çəkilişləri üçün Tom Kruz ilə birgə Beynəlxalq Kosmik Stansiyada çalışacağını bildirib.

Filmin süjet xətti hələ məlum olmasa da, ekran işinin təqdimatı 2022-ci ilə təsadüf edəcək. Xatırladaq ki, baş rol ifaçısı Tom Kruz, Layman və çəkiliş qrupundan bir nəfər kosmik stansiyaya "Dragon" gəmisi ilə çatdırılacaq. Onlar turist olaraq, kosmosa səyahət imkanı əldə edəcəklər.

"Deadline" dərgisinin baş redaktoru isə filmin çəkilişlərinin mürəkkəbliyini qeyd edərək, Tom Kruzun yetəri qədər cəsur olduğunu bildirib. Belə ki, aktyor daha əvvəl "Burj Khalifa" göydələninin 123-cü mərtəbəsində peşəkarcasına bütün təhlükəli tryukları özü həyata keçirmişdir. Bu səbəbdən kosmosda düzənlənən çəkilişlər aktyor üçün növbəti əyləncəli sınaq olaraq qiymətləndirilir.