Bakıda keçirilən “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində Azərbaycan paytaxtında “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı işə başlayıb.

Open.az xəbər verir ki, konfransın açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

O, bildirib ki, konfrans Nazirliyin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə təşkil olunub.

“Bu konfransda biz “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi tənzimləmə məsələlərini müzakirə edəcəyik. Bu ilin may ayında Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyası yaradılıb. “Bakutel-2019”da İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim olunur. Bu istiqamətdə işlərin görülməsi davam etdirilir”, - deyə nazir müavini bildirib.

“Əşyaların interneti” sahəsinin hazırki vəziyyəti barədə məlumat verən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Haoulin Jao deyib ki, 2025-ci ildə dünyada internetə qoşulmuş təxminən 41,6 milyard "Əşyalar interneti" qurğusu qeydə alınacaq.

Tədbirdə qeyd olunub ki, Xəzər İnnovasiya Konfransının “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur. İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə keçən builki konfrans “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunub.