F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə “Mütaliə sevən dostlar evi” adı altında “Ümumdünya Ev Heyvanları Günü” ilə əlaqədar IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil ediblər.

Open.az xəbər verir ki, ekskursiya çərçivəsində, uşaqlara mərkəz haqqında, onun yaranma tarixi, məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Ekskursiyanın təşkilində əsas məqsəd, uşaqlarda, heyvanlara qarşı məhəbbət, diqqət və qayğı aşılamaq idi.

Sonda IDEA Heyvanlara Qayğı Mərkəzinə kitabxana tərəfindən kitab və jurnallar hədiyyə edilib.

Qeyd edək ki, “Ümumdünya Ev Heyvanları Günü”nün təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. Konqres zamanı müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildiriblər.