Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.

Nazirlikdən Open.az-a verilən məlumata görə, müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1 565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib.

Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd edək ki, ümumilikdə 10 068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6 860 namizədin elektron ərizəsi qəbul edilib.