Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri Əjdər Ağayev vəfat edib.

Open.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, o, 81 yaşında uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981). Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. 200-dək şerinə mahnı bəstələnib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirib. Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Təhsil Şurasının sabiq sədridir.

Allah rəhmət eləsin!

Şəfiqə