Peşə təhsili müəssisələrinə tələbə qəbulunun avqust ayının ilk yarısında keçirilməsi nəzərdə tutulur.

Open az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərinə görə, sənədlərin qəbulu məsələsində bir sıra yeniliklər olacaq. Belə ki, əvvəllər müsabiqədə uğur qazanan namizədlər müvafiq sənədləri qəbul olunduğu gündən etibarən peşə təhsili müəssisələrinə təqdim etməli idilər. Hazırda bu prosesin elektron qaydada və ya sosial məsafəni qorumaqla müəssisəyə təqdim olunmasını təmin etmək yolları nəzərdən keçirilir:

"2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə tələbə qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyən regionlarda isə müvafiq peşə təhsili müəssisələrində həyata keçirilirdi. Ötən ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbul üçün elektron informasiya sisteminin yaradılmasına başlanılıb. Hazırda sistemin üzərində son tamamlama işləri həyata keçirilir. Sözügedən elektron qəbul sistemi vasitəsilə vətəndaşlar istədikləri yerdən, heç kimlə ünsiyyətdə olmadan müvafiq məlumatları yaratdıqları şəxsi kabinetlərində doldurmaqla sənəd qəbulu prosesində iştirak edə biləcəklər. Qeyd etməliyəm ki, xüsusən də indiki pandemiya dövründə qəbulun bu formatda həyata keçirilməsi vətəndaşlarımızın rahatlığı və sağlamlığı baxımından vacibdir".