Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Mərkəzdən Open.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410, ümumilikdə isə 1856 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 172 nəzarətçi‑müəllim ayrılıb.