Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək.

Open.az xəbər verir ki, namizədlər iyulun 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.

Avqustun 4-ü saat 12:25-ə olan məlumata əsasən, 100-ə yaxın namizəd “İmtahana buraxılış vərəqəsi” səhifəsinə daxil olmayıb və göstərilən sənədləri çap etməyib.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahan haqqında məlumat – imtahanın keçiriləcəyi yer, bina, imtahan binasına yaxınlaşma vaxtı, həmçinin imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası”ndan çıxarış əksini tapır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə verib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə icazə verilir.