2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Open.az-a verilən məlumata görə, bu məqsədlə dərslik və müəllim üçün metodik vəsaitlərin layihələri www.trims.edu.azsaytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.

Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.

Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilən layihələrin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.