Koronavirus pandemiyası səbəbindən məktəb və ali təhsil müəssisələrinin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və şagirdin təhsil prosesinə mane olub.

Open.az xəbər verir ki, bu rəqəmi BMT-nin Baş katibi Antoniu Quterriş iyul ayının ortalarına olan məlumata əsasən deyib. Onun sözlərinə görə, bundan başqa, dünya üzrə azı 40 min uşaq məktəbəqədər hazırlıqdan məhrum olub. Dərsləri online, radio və televiziya vasitəsi ilə keçmək cəhdləri bütün təhsil alanları əhatə etməyib. Hələ pandemiyadan öncə məktəbli yaşına çatmış 250 milyondan çox uşaq təhsil almaq imkanından məhrum olub, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız 25 faizi məktəbi bitirərək lazımi baza təhsili ala bilib.

“Dünya böyük insan potensialının istifadəsiz qalması, qeyri-bərabərliyin kəskinləşməsi və təhsildə əldə olunan irəliləyişin itirilməsi ilə nəticələnə biləcək “nəsil fəlakəti” ilə üzləşib”, - deyə Antoniu Quterriş xəbərdarlıq edib.

Baş katib bu səbəbdən BMT-nin “Gələcəyimizi qoruyaq” şüarı altında yeni proqramının başladığını bildirib və COVID-19 pandemiyası nəzarət altına alındıqdan sonra bütün ölkələri məktəbləri açmağa çağırıb. Təşkilat bu işdə onlara kömək etməyə söz verib. BMT-nin Baş katibi məktəblərin fəaliyyətinin bərpası nəticəsində anaların iş yerlərinə qayıdacağını da müsbət hal kimi səciyyələndirib, həmçinin ölkələri büdcə vəsaitlərini bölən zaman təhsil xərclərini prioritet etməyə səsləyib.

Proqramın daha bir hədəfi isə təhsil almaq imkanı məhdud olan insanların – böhran vəziyyətində yaşayanların, azsaylı xalqların nümayəndələrinin, əlillərin, həmçinin internetə girişi olmayan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir.