Çin ölkə, mədəniyyət olaraq hər zaman bizlərə maraqlı olub. Bura azərbaycanlıların təhsil üçün üz tutduğu ölkələr siyahısında ilk yerləri tutmasa da, təhsil səviyyəsinə, həyat şəraitinə görə heç də digər ölkələrdən geri qalmır.

Open.az hazırda Çində təhsil alan azərbaycanlı tələbə Ülkər Eldarqızı ilə müsahibəni təqdim edir.

- Əvvəlcə özünüz haqda məlumat verərdiniz.

- Bakıda doğumluşam, 25 yaşım var. Bakalavır pilləsi üzrə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Daha sonra Bakı Slavyan Universitetinin Radioteleviziya fakültəsində magistratura təhsili almışam. Hazırda Çinin Xefey şəhərində yerləşən Elm və Texnologiya Universitetində İctimai idarəetmə fakütləsində magitratura pilləsi üzrə oxuyuram.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Niyə Italiya, Polşa və ya ABŞ yox, məhz Çin?

- Əslində son 3 il ərzində müxtəlif təqaüd proqramlarına müraciət etmişdim. Eləcə də adlarını sadaladığınız ölkələrə. Ötən il Polşaya qəbul olmuşdum. Amma təqaüd qazanmadığıma görə, öz hesabıma gedə bilmədim. Amerikada da qəbul olduğum universitetdə təqaüd ala bilmədiyim üçün alınmadı. İtaliyaya gəlincə isə düzü, orada təhsil alan həmyerlilərimiz çoxluq təşkil edir. Amma çox sənəd tələb etdiklərinə və az təqaüd verdiklərinə görə, qazansam da, getməkdən imtina etdim. Təsəvvür edin ki, bir smestrə 750 avro təqaüd verir və bununla da xərclərimi qarşılaya bilməyəcəkdim. Elə İtaliyaya getmək, ilk aylarda xərcləmək üçün mənə 5 min avroya yaxın pul lazım idi. O qədər pulu qarşılayacaq imkanım olmadığı üçün cəhd etmədim. Bu günə kimi bir çox ölkədə olmuşam. Daha dəqiq desəm, 10 ölkə gəzmişəm. Əsasən də, Avropa ölkələri olub. Amma Asiya həmişə məni özünə çəkib. Səyahət etməyi çox sevirəm. Mənə görə Avropaya səyahət etmək bizə daha yaxın və asandır. Amma Asiya mədəniyyəti bizim mədəniyyətimizdən tamamilə fərqlidir. Orada öyrənə biləcəyim həyat tərzi daha fərqli olduğu üçün Çinə və onun qonşu ölkələrinə getməyi çox istəyirdim. Burada olmaq mənə yeni dil öyrənmək, başqa ölkələri də gəzmək imkanı yaradır. Çində əhalinin sayı çox olduğuna görə, dünyada hər 6 nəfərdən birinin danışdığı dil çin dilidir. Ona görə əhəmiyyətlidir və bu dili öyrənmək istəyirəm, amma çox çətindir. Çində iş imkanları da böyükdür. Müəllimlərə daha çox təlabat var. Nəticədə artıq Çindəyəm.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Gedişinizə qədər hansı mərhələlərdən keçdiz?

- Əslində çox uzun prosesdən keçmişəm. İlk olaraq universitetə müraciət etdim və oradan qəbul olduğum barədə bildiriş gəldi. Bundan sonra Çinə sənədlərimi göndərməli idim. Mən isə necə göndərmək lazım olduğumu bilmirdim. Öyrənib göndərəndən sonra məlumat gəldi ki, universitetin daxili t\qaüdünü qazana bilməmişəm, ancaq Çin dövlət təqaüdünə də müraciət edə bilərəm. Mən də bunun üçün qeydiyyatdan keçdim, sənədləri toplayıb göndərdim və 3 ay gözlədim. Nəhayət avqustda bəlli oldu ki, qəbul olmuşam. Bu prosesdən sonra da viza, bilet, hazırlıq məsələlərini həll etdim. Sentyabrın 10-dan da burdayam.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Hazırda təhsil aldığınız və yaşadığınız ərazini təsvir edə bilərsiz?

- Yaşadığım, təhsil aldığım Xefey şəhəri paytaxt şəhərdir və kifayət qədər böyükdür. 6 milyon əhalisi var. Yaşadığım yer sakit, yaşıl yerdir. Nəqliyyat sistemi çox gözəl qurulub. Taksilər çox ucuzdur. Velosipedlərdən də geniş istifadə edilir. Aylıq 3 manata kirayələmək mümkündür. Yaşadığım evi elə universitetin qarşısında tutmuşam. 32 mərtəbəli binada 6-cı mərtəbədə yaşayıram. Balaca yaşıl həyətimiz var. Univeristetin həyəti isə çox böyükdür.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Mədəniyyətlərimizin tamamilə fərqli olması fikri ilə razısınız?

- Mədəniyyətlərimiz arasında oxşarlıq da, fərqlilik də var. Amma fərqlilik daha çoxdur. Çinlilər də bizi kimi istiqanlıdır. Onlar bizə avropalı kimi baxırlar. Macarıstanlı dostum mənə demişdi ki, səni Avropa ölkələrində asiyalı kimi qəbul edib, yuxarıdan aşağı baxacaqlar. Amma Asiyaya gedəndə sən onlardan qərbdə olduğun üçün avropalı kimi yanaşacaqlar. Daha çox hörmətli və diqqətdə olacaqsan. Bu həqiqətən də doğrudur. Burada xaricilərə böyük maraq var. Xüsusilə də ağ dərili və gözlərin qıyıq deyilsə, hamı çox gözəlsən deyib, şəkil çəkdirmək istəyəcək. Çinlilərin yemək yemə adətləri bizdən tamamilə fərqlidir. Bilirsiniz ki,onlar xüsusi çubuqlarla yeyirlər və bu zaman çox səs çıxarır, ağızlarını marçıldadırlar. Bunu da çox normal qarşılayırlar. Birinci dəfə mənə çox qəribə gəlmişdi ki, niyə belədir. Sonradan gördüm ki, bu onların tərzidir və hamı belə edir. Hətta söhbət edərkən bərk danışırlar və elə bilirsən ki dava edirlər.

- İnsanların gəlirləri, dolanışığı barədə nə deyə bilərsiziniz?

- Gəldiyimi müddət ərzində çox insanla tanışlığım olmadığı üçün dolanışıqları barədə bir söz deyə bilməyəcəm. Özüm üçün tələbə kimi yaşayış çox yaxşıdı. Azərbaycandakı həyat şəraitindən daha yaxşıdır. Təqaüdüm 750 manata yaxındır. Xərclərim çox çıxmır. Yeməklər universitetdə çox ucuzdur. Bir dəfə doyumluq yemək üçün 3 manat bəs edir. Məncə, buradakı insanların rifahı Azərbaycandan daha yaxşıdır.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Öyrəşmənizə yardımçı nə oldu?

- Öyrəşməyimə dostlarım kömək oldu. Gələn kimi yaxın bir neçə dost tapdım. Nigeriyadan, Pakistandan olan rəfiqələrimlə şəhəri gəzib, müxtəlif yerlərdə olduq. Birlikdə vaxt keçirdik. Ona görə çox darıxmıram. Mən gələndə sentyabr-oktyabr aylarına düşmüşdü deyə isti idi. Ümumiyyətlə burada günlər çox tez keçir. Səhər açılır, dərsə gedirsən görürsən ki, artıq axşam olub.

- Əvvəllər internet bu cür əl altında rahat olmamışdı. Yəqin sizin də işinizə yarayar?

- İnternetin əlçatanlığı bəşəriyyətə ən böyük yaxşılıqlardan biridir. Əsas da xaricdə olanlara. Hər gün evlə, anamla danışıram. İnternet olmasaydı, çox çətin olardı. Görməmək, eşitməmək adamı darıxdırardı.

- Azərbaycanlı tələbələr var? Münasibət qura bilmisinizmi?

- 10 nəfərə yaxın Azərbaycanlı tələbə var. Amma onlar mənim universitetimdə deyillər. Mənimlə eyni oxuyan isə 3 nəfər var. Onlardan biri ilə eyni fakültədə oxuyururq. Onunla aramız yaxındı. Bilmədiyim məsələlərdə mənə kömək edir. Digərləri ilə isə hələ ki tanış ola, münasibət qura bilməmişəm.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Çin dilini necə öyrənə bilirsiz? Peşmanlıq duyğusu baş qaldırmayıb?

- Çin dilini öyrənmək çox çətindir. Çünki hər çəhətdən tamamilə fərqlidir. Heroqlifi yadda saxlayırsan, səslənmə yaddan çıxır. Eyni sözü 4 müxtəlif tonda tələffüz edəndə, ayrı-ayrı sözlər olacaq. Peşmanlıq hissi isə yoxdur. Çox şanslıyam ki, gəlmişəm, sevinirəm. Demək olar ki, bütün həyat tərzim dəyişib. Yeni dostlar, yeni çevrə əladır. Gələcəkdə təhsilimi davam etdirmək istəsəm, burada qalarammı? Buna əmin deyiləm. Amma bura ilə bağlı xatirələrim gözəldir. Dostlarıma da tövsiyyə edirəm ki, onlar da gəlsinlər.

- Çinə getməzdən əvvəl ora haqqda eşitdiyiniz, amma təsdiqini tapmayan nüanslar olub?

- Həmişə eşidirdim ki, ilan-qurbağa, it-pişik yeyirlər. Bu sözdən qorxurdum ki, gedib yemək tapmayacam. Amma gələndən sonra eşitdiyim təsdiqini tapmadı. Çünki qaldığım şəhərdə o yeməklər məşhur deyil. Amma ilan-qurbağa və it əti yemək istəyən olsa, xüsusi restoranda yeyə bilər. Buradakı məşhur yeməklər, mal, donuz və toyuq ətidir. İt-pişik yeməkləri ilə bağlı məlumatlar isə tamamilə yanlışdır. Çinlilər heyvanları çox sevir. Onların hamısının demək olar, evdə saxladığı iti, pişiyi var.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Sizi həddən ziyadə təəccübləndirən nə olub?

- Ən çox təəccübləndirən şey Çindəki alış-veriş sistemidir. “Wechat” adlanan sosial şəbəkənin funksionallığı həddən-ziyadədir. “WhatsApp” kimi əlaqə vasitəsidir, amma onun vasitəsi ilə alış-veriş, bank əməliyyatları yerinə yetirə, pul köçürmələri, bilet sifarişi edə bilərsiz. Bu kimi əməliyyatların icrası üçün çox əlverişlidir. Məsələn, bura gəldiyim ilk vaxtlar alınmalı bir çox şey vardı. Onları almaq üçün harasa getməyə ehtiyac yox idi. Hamının evinin yaxınlığında qutular var ki, sifarişlıər ora gəlir. Onlayn saytdan birindən sifariş verib ünvanı qeyd etmək kifayətdir. Məhsul gəlib çatanda telefona kod gəlir. Həmin kodu qutuya daxil edəndən sonra məhsulu götürə bilisən. Hətta bu yaxınlarda mənə nanə lazım idi. Eyni üsulla ala bildim. Yəni demək olar ki, hər şeyi burada tapmaq mümkündür.

- Şəhərlərini gəzmək, mədəniyyətlərin öyrənmək ayrı zövq verər.

- Olduğum şəhərdən başqa cəmi iki şəhərdə olmuşam. Gördüklərim isə çox xoşuma gəlib.

- Çinlilər hamısı bir birinə oxşayır deyirlər. Ayırmaq həqiqətənmi çətindir?

- Mən də gələnə kimi belə düşünürdüm. Amma yaşayandan sonra görürsən ki, əslində bir-birindən kifayət qədər fərqlənirlər. Eyni deyillər. Hələ elə bir şey olmayıb ki, fərqləndirmək çətin olsun. Hətta bir dəfə işdə 13-14 yaşlarında əkiz oğlanlar vardı. Onları belə ayıra bilmişdim. Əslində Çinlilər də bizim bir-birimizə oxşadırlar. Amma vaxt keçirdikcə həqiqət olmadığının fərqində olursan.

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər

- Azərbaycan üçün darıxmamış olmazsınız. Xüsusilə burnunuzun ucunu göynədən nədir?

- Əlbəttə ki, darıxmışam. Ən əsas da Yeni il əhval-ruhiyyəsi üçün. Çində Yeni il heç məşhur deyil. Onların özünün Yeni ili olduğu üçün qeyd etmir, heç yeri də bəzəmirlər. Bizim “Tarqovı” üçün darıxmışam. Burnumun ucu isə pişiyim üçün göynəyir. Burada pişik tapmaq demək olar ki, olmur. Çünki hamısının evi var.

- Çin mətbəxindən danışaq. Həqiqətən də it əti yeyirlər?

- Çin mətbəxi ən yaralı yerimdir. Ilk vaxtlar demək olar heç nə yeyə bilmirdim. Çünki onlar ya çox yağlı, ya acı yeyirlər. Mən də yemək barəsində həsass olduğum üçün hər yeməyi dada bilmirdim. Amma indi öyrəşmişəm. Əvvəl sarımsaqlı yemirdim, indi az da olsa, yeyirəm. Yeni tərəvəzləri sınaqdan keçirirəm. Burada bizdəki kimi qatıq yoxdur. Ancaq şirin yoqurtlar var. Təsəvvür edin dolma bişirirsən, üstünə qoymağa qatıq tapmırsan. Təzə süd tapmaq həm çətindir, həm də bahadır. Bir litr süd almaq üçün 5 manat verməlisən. Bir kiloqram qarabaşaq almaq üçün 5 manat lazımır. Mayonezləri şirindir. Düyüləri yapışqandır. İt əti isə açıq şəkildə satılmır. Amma istəyən olsa, tapmaq olur.

- Sonda müsahibəni oxuyanlara sözünüz və ya yaddan çıxan, toxunmaq istədiyiniz məqam varmı?

- Əgər xaricdə oxumaq istəyirsizsə, yerində oturub gözləməklə olmayacaq. İngilis dilini öyrənmək, dil serifikatı almaq lazımdır. Xarici ölkələrə müraciət etmək lazımdır. Mən bura gələnə kimi bəlkə 30 ölkəyə müraciət etmişdim. Marağınızı düzgün seçin. Yalnız getmək adına ölkədən çıxmayın. Oradan nə qazanacağınızı düşünün. Əks halda qalamq çox çətin olur. Ancaq Avropa deməyin. Univeristet seçimini düzgün edin. Mənim oxuduğum universitet Çinin ən yaxşı 3 universitetindən biridir. Dünyanın isə 100 ən yaxşı universitet siyahısındadır. Ona görə də bitirmək çətindir. Azərbaycandakı kimi dərsləri yola vermək olmayacaq. Amma ən azından buradan aldığım diplom bundan sonrakı həyatımda yaşıl işıq rolunu oynayacaq. Bir dəfə, 5 dəfə alınmadısa, yenə cəhd edin.

Şəfiqə Nazimqızı

Çində təhsil alan azərbaycanlı tələbə: ... ilan-qurbağa, it-pişik yeyirlər