"Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır"

Bu sözləri Open.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır: "Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda anoyabr ayını yaşayırıq, amma dekabrda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. “Asan xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökümət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Amma burda yeni bir problem ortaya çıxacaq. Problem də budur ki, nəyi öyrətmək? Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa,hansı biliklərə ehtiyac yaranacaqsa ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək".

Ekspert bildirib ki, fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya , Biofizika fakültəsi ola bilər: "Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Fizika hara ekonomika hara, amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orda əhalini qorxudan şey yoxdur. Dediyim kimi, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni xtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək".

Qeyd edək ki, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Nəticədə bəzi yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar isə ləğv olunub”.

Şəfiqə Nazimqızı