Bakı Dövlət Universiteti (BDU) 2019/2020-ci tədris ilində bir neçə ixtisas üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edib.

Open.az-ın məlumatına görə, Coğrafiya, Kimya, Biologiya, Fizika, Riyaziyyat, İnformatika, Tarix və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təhsil almaq istəyənlər sentyabrın 10-dək ali təhsil müəssisəsinə müraciət edə bilərlər.

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla BDU arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiqlənən "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsahibədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.