“Odlar Yurdu” universitetində dikdaban ayaqqabıya, Sumqayıt Dövlət Universitetində isə saqqala qadağa qoyulub. Bunu tələbə və müəllim heyəti birmənalı qarşılamayıb.

Open.az mövzu ilə bağlı Bakı Dövlət Universitetində (BDU) tələbə və müəllimlərin arasında sorğu keçirib.

Pərviz Həsənov, regionşünaslıq fakültəsi

- Düşünürəm, belə qadağa yersizdir. Daha da təhsilə önəm vermək, təhsildə sərt qaydalar tətbiq etmək lazımdır.

Cahid Həbiyev, kitabxanaçılıq və informasiya fakültəsi

- Saqqal qadağasına razı deyiləm. Gəncəm və mənə maraqlıdır saqqal.

Ayaz Musayev, kitabxanaçılıq və informasiya fakültəsi

- Qadağan olunmalı çox şey var. Müəllimlərin rüşvət almağını yığışdırmaq lazımdır.

Kənan Hüseynov, kitabxanaçılıq və informasiya fakültəsi

- Yersiz qadağalardır. Təhsilə və biliyə önəm vermək daha vacibdir.

Aytac Şahmarova, kitabxanaçılıq və informasiya fakültəsi

- Razıyam qadağa ilə. Saqqalla oğlanlar tələbə kimi görünmürlər.

Afaq Sadıqova, qəzet laboratoriyasının müdiri

- Əslində qızların dikdaban geyinməsində qeyri-adi bir şey yoxdur. Azərbaycan xanımına zəriflik yaraşır. Oğlanlar isə, səliqəli saqqal saxlayırlarsa, normaldır. Amma kiminsə şəxsi geyimə qarışması yolverilməzdir.

İsmayıl Əliyev, BDU, 1-ci kurs

- Dikdaban səsinə görə olmaz, amma saqqal dərsə nə ziyan verə bilər?

Esmira Hüseynova, şərqşünaslıq fakültəsi

- Dikdabanı gündəlik geyinmək narahat olur, amma arada olar. Qızlara ətək qadağası qoyulsa, daha yaxşı olar.

Arzu Məmmədova, Sosial Elmlər və Psixologiya(SEP)

- Saqqalın qadağan edilməsi çox mənasızdır. Məncə, forma tətbiq edilsə, daha yaxşı olar

Ayşən Bayramova, tətbiqi riyaziyyat və kibernetika fakültəsi

- Dikdaban qadağasına razıyam, çox diqqəti çəkir. Saqqala isə razı deyiləm, tərzdir. Müəllimlərə qadağa qoyulması daha yaxşı olardı.

Neyjen Əliyeva, tətbiqi riyaziyyat və kibernetika fakültəsi

- Qadağalarla razıyam, gülüş, dikdaban, diqqəti yayındırır, saqqal isə normasında olmalıdır.

Cəlal Samanov, kompüter mühəndisliyi

- Üzümü qırxanda üzüm səpir və mənə kompleks yaradır. Kompleks yaranda dərs oxuya bilmirəm və əgər qadağa olsa, kəsirlərim olacaq və universitetdən atılacağam.

Nilufər Səlimova, jurnalistika fakültəsi

- 18 yaşlı gənc artıq fərddir və onun seçiminə qarışmaq yersizdir. Xarici ölkələrdə tələbələr şortiklə gəlir və buna heç kim qarışmır. Təhsilə önəm vermək lazımdır.

Sarif Mahmudov, Beynəlxalq Münasibətlər fakültəsi

- Düzgün deyil saqqal qadağası. Koridorlarda müəllim və tələbələrin siqaret çəkməsini qadağan etmək lazımdır.

Mircavid Ağalarov, tarix fakültəsi

- Tələbə cəmiyyətin düşünən hissəsidir və onların tərzinə qarışmaq düzgün deyil.

Könül Məmmədova, jurnalistika fakültəsinin magistrantı

- Görünüş təhsilə mane deyil, əsas oxumaqdır.

Lamiyə Azər, jurnalistika fakültəsi

- Universitet məktəb deyil, belə qadağalar mənasızdır. Saqqalın və dikdabanın təhsilə heç bir ziyanı yoxdur.

Leyla Beydullayeva, informatika müəllimliyi

- Saqqal və dikdaban qadağaları yersizdir. Məncə, müəllimlərin imtahanda dikdabanla gedişata mane olmasını yığışdırmaq lazımdır.

Aynur, şərqşünaslıq fakültəsi (Türkiyə üzrə)

- Tələbəlik ömürdə bir dəfə olur, onların seçiminə qarışmaq olmaz. Mən də dikdabanla gəlirəm və qadağan olunsa belə, yenə də geyinərəm

Alidə Qasımova, tətbiqi riyaziyyat fakültəsi

- Əsas geyim deyil, təhsildir. Geyimin dərsi pozması ilə bağlı deyilən fikirlər absurddur.

Sorğuya 22 nəfər qatılıb. Onlardan 21-i tələbə, biri isə universitetin müəllimidir. Onlarda 8-i kişi, 13-ü isə qadındır. Respondentlərdən 3-ü qadağalarla razı olduğunu, digərləri isə belə qadağaların yersiz olduğunu düşünür.

Müsahiblərdən biri koridorda siqaret çəkilməsini, digəri isə rüşvətin ləğv edilməsini, daha biri isə digəri isə qızların qısa ətək geyinməsini qadağan etməyi təklif edib.

Tələbələrdən biri müəllimlərin imtahanda dikdaban geyərək diqqəti yayındırmasını diqqətə çatdırıb.

Nicat Dilqəmli