Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Open.az xəbər verir ki, tədbiri açan Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından bəhs edib. Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edən F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsini diqqətə çatdırıb. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Prezident Sərəncamlarını və Fərmanını xüsusilə qeyd edən F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
F.Qurbanov müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək tələbələri yubiley tədbirlərində aktiv iştiraka çağırıb.
Sonra F.Qurbanov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirliməsində daha fəal olmağa çağırıb.
Mükafatlandırma mərasimində BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün dövlət dəstəyindən, onların fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasındakı rolundan bəhs ediblər.
Coğrafiya fakültəsinin I kurs tələbəsi, aprel döyüşləri iştirakşısı Ramil Əmiraslanov prezident İlham Əliyevin təqaüd sisteminin təkmilləşdirilməsi və təqaüd artımı ilə bağlı imzaladığı Fərman və Sərəncamların əhəmiyyətindən danışıb. Eyni zamanda aprel döyüşlərinə diqqət çəkərək Azərbaycan Ordusunun bu döyüşlərdə qazandığı qələbənin ölkədə böyük ruh yüksəkliyinə səbəb olduğunu, Azərbaycan əsgərinin əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirdiyini bildirib və Ali Baş Komandan əmr edərsə, ordumuzun önündə gedib müqəddəs bayrağımızı o yüksəkliklərə sancacağına söz verib.
Hüquq fakültəsinin birinci kurs tələbəsi, uşu-sanda üzrə 11 qat dünya, 3 qat Avropa Çempionu, Prezident mükafatçısı Emil Hacıyev, Biologiya fakültəsinin 3-cü kurs tələbəsi, seçilmişlər arasında ən yüksək ortaq qiymət göstəricisi olan Məryəm Ramazanova çıxışlarında dövlətin gənclərə yaratdığı hərtərəfli şəraitdən danışıb, tələbələr üçün belə stimullaşdırıcı tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Tədbirdə “ilin ən yaxşı tələbələri” müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər. Tələbələr yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli elmi konfranslarda, elmi jurnallarda sanballı elmi araşdırmalarla çıxış etdiyinə, universitetin və respublikanın ictimai həyatında fəal iştirak edib, vətənpərvərlik, təssübkeşlik nümayiş etdirdiyinə və liderlik keyfiyyətlərinə, mədəniyyət, incəsənət sahəsində qazandığı uğurlarına, yerli və beynəlxalq səviyyəli idman yarışlarında əldə etdiyi yüksək nəticələrinə görə mükafatlandırılıblar.
Sonra Bakı Dövlət Universitetinin çoxminli tələbələri doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi və ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı tarixi Fərman və Sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.