Bakıda yerləşən 273 nömrəli tam orta məktəbdə şagirdin pəncərədən yıxılaraq xəsarət alması barədə xəbərlərə aydınlıq gətirilib.

Məktəbdən Open.az-a verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

Şəfiqə Nazimqızı