Bakının Xətai rayonunda yerləşən 269 saylı orta məktəbdə müəllim şagirdi döyüb.

Open.az xəbər verir ki, bu barədə Azvision.az -a valideynlərdən biri məlumat verib. Bildirilib ki, məktəbin rus bölməsində çalışan rəsm müəllimi İradə Əhmədqızı dərs zamanı şagirdi döyüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, adıçəkilən müəllimin bir neçə dəfə oxşar hərəkətlərə yol verdiyi deyilir.

“Rəsm kurslarına gedən hansısa şagird yaxşı rəsm çəkirsə, onu döyərək, “bu şəkli başqasına çəkdirmisən, özün çəkə bilməzsən” deyir. Bütün uşaqları bezdirib. Dəfələrlə direktora müraciət etmişik, amma cavab belə olub ki, məktəbin tək rəsm müəllimi odur, işdən çıxara bilmərik”, - deyə valideyn vurğulayıb.

Azvision.az məsələ ilə əlaqədar R.Məmmədov adına 269 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimin şagirdə (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qeyri-uyğun davranışı ilə bağlı videogörüntü 2018-2019-cu tədris ilində çəkilib.

"Valideyn bu haqda həmin vaxt məktəb rəhbərliyinə heç bir müraciət etməyib. 22.11.2019-cu il tarixində valideyn məktəbə gələrək videogörüntünü direktora təqdim edib. Direktor dərhal müəllim və valideynlə birgə söhbət aparıb. Məsələ ilə bağlı müəllimin izahatı alınıb. Müəllim izahatında özünü dərs zamanı pis apardığına və lazımsız ifadə işlətdiyinə görə şagirdə istəmədən əl qaldırdığını bildirib. Məktəb direktoru tərəfindən müəllimə xəbərdarlıq edilib.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd olunub.