Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə əlaqədar Azərbaycanda müəyyən edilmiş xüsusi karantin rejimini nəzərə alaraq, bütün fəaliyyəti onlayn sistemdə təşkil edib.

Open.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ADU-dan məlumat verilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, hələ bu ilin fevral ayında institutun əməkdaşları ADU-nun tələbələri və Sumqayıt “Dünya Məktəbi”nin tələbələri ilə seminarlar keçirib, Çində koronavirus epidemiyasından danışaraq, Çin xalqı ilə həmrəylik ifadə edən “Uxan, biz səninləyik!”, “Siz bunun öhdəsindən gələcəksiniz!” və “Möhkəm ol, Çin!” adlı videomüraciətlər hazırlayıblar: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ADU-nun Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən distant Çin dili kursları da öz işini davam etdirir. Biz ADU tələbələri və institutun kurslarının dinləyiciləri üçün Çin dilinin distant tədrisini uğurla həyata keçiririk. ADU-nun Konfutsi İnstitutu Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanası tərəfindən keçirilən ÇXR hökuməti yanında Dünya Konfutsi institutlarının koronovirus epidemiyası şəraitində işinin optimallaşdırılması və Çin mədəniyyətinin öyrənilməsində tövsiyələrin işlənib hazırlanmasına dair sorğuda da fəal iştirak edib. ADU-nun Konfutsi İnstitutu Çin tərəfdaşı olan Xuçjou Universiteti ilə birlikdə ADU-nun Çin dili kursu üçün onlayn tədris rejimində proqram, metodik materiallar və videodərslərin ssenarilərinin işlənib hazırlanmasına başlayıb.

Aprelin 4-də Çində keçirilən Milli anım günündə COVID–19 koronavirus pnevmoniyasına qarşı mübarizədə həlak olanların və bu xəstəlikdən vəfat etmiş soydaşlarımızın xatirəsini universitetimizin çinşünas tələbələri üç dəqiqəlik sükutla yad ediblər”.

R.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tibbi maska istehsalı müəssisəsinin açılışında milli birlik və milli həmrəylik nümayiş etdirməklə yanaşı, məsuliyyət də nümayiş etdirməyin zəruriliyi barədə Azərbaycan xalqına müraciətini xatırladıb. R.Abbasov Çin dili, mədəniyyəti və xəttatlığı ilə maraqlanan hər kəsi 团结一致向前看 (Həmrəy olaq və gələcəyə inamla baxaq) devizi altında onlayn xəttatlıq müsabiqəsində iştirak etməyə dəvət edib.

Müsabiqədə iştirak etmək üçün çenyu - dostluq və qarşılıqlı yardıma həsr edilmiş Çin atalar sözlərindən birini seçmək və onları qələm və ya fırçayla yazmaq lazımdır. Sonra xəttatlıq işinin şəklini çəkib və ya skan edib, müəllifin təhsil yeri, adı və soyadını göstərərək ADU Konfutsi İnstitutunun elektron ünvanına ( rafabba@yandex.ru) göndərmək lazımdır.

İşlər mayın1-dək qəbul ediləcək. Ən yaxşı xəttatlıq işləri diplom və hədiyyələrlə təltif olunacaq.