Bakıda məktəbli özünü pəncərədən atmaq istəyib.

Open.az xəbər verir ki, dünən səhər radələrində 302 nömrəli tam orta məktəbdə tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Məktəbdən verilən məlumata görə, şagirdin ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb: "Aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib. Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.